..:: MİLLƏTÇİLƏRİN MƏKANI ::..
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Milli Rəqslərimiz - Yallı ...

2 posters

Aşağa gitmek

Milli Rəqslərimiz - Yallı ... Empty Milli Rəqslərimiz - Yallı ...

Yeni mövzu tarafından When ? Çər. 23 Dek. 2009 - 19:48

Rəqslərimiz

Əvvəl öz fikirlərimi yazım daha sonra əldə etdiyim materialı sizlərə təqdim edəcəm.Azərbaycanımızın hər şeyi gözəl,dəyərli,ürəkdən olduğu kimi rəqslərimiz də əvəzolunmaz , təkrarolunmazdır. Hər bir rəqs növlərimizi sevib böyük bir maraqla izləyirəm amma Yallı rəqsinin mənim ürəyimdəki yeri başqadır. Elə bil hər dəfə bu rəqsi toylarımızda 50-60 nəfərlə birgə oynayanda özümü o qədər fərəhli ,sevincli birlik içərisində (23 illik həyatımda hələki rast gəlmədiyim) hiss edirəm ki bunu kəlimələrlə deməyim mümkün deyil. Xüsusən də biz tərəflərin (Naxçıvanın Şərur bölgəsinin rəqs qruplarının ifa etdiyi yallı rəqsləri) insanlarının oynadığı yallı rəqsi o qədər insanın ürəyində vətənpərvərlik hisslərini hiss etdirir ki ....Hətta `Şərur yallısı` adlı sənədli filmi də çəkilib.Düzü baxmamışam amma eşitmişdim. Bir sözlə bu rəqs növünə marağınızı artırın, maraqlanın və hər fürsətdə insanlara qarışaraq bu rəqs növünü ifa etməyə cəhd göstərin (amma düzgün formada və düzgün addımlarla).İnanın ürəyində vətən sevgisi olan hər bir kəs o zaman nə demək istədiyimi anlayacaq.İndi isə buyurun bu məqalə ilə tanış olun və öz fikirlərinizi bildirin.



İnsanlar danışmaqdan qabaq rəqs etməyi bacarırdılar. Əvvəlcə rəqs, sonra söz, rəsm sənəti yaranıb. Axı həyatın əsasında hərəkət durur. Od yanır.., su axır... Yanar dağın alovları, Yardımlı şəlaləsinin suları. Göydə qanad çalan quş da ovunu süzə-süzə manşırlayır. Məhəbbət çağı gələndə də min bir rəng alıb, istəklisinin qabağında əsl mərasim rəqsi ifa edir. Bununla sanki səyyarələri, aləmləri belə nizamda saxlayan əzəli ritmə qoşulmuş olurlar. Şamaxı rəsədxanasının obyektivində ulduz bürclərinin fırlanması. Dünyanı məhvərində saxlayan ritmə qoşulmaqla insanlar bütün işlərini tənzimləməyə, xeyir-dua qazanmağa çalışmışlar. Tilsim, ovsun mərasimlərini rəqslə qutlamış, ov, döyüş uğurlarını rəqslə ulu bildiklərindən diləmişlər. And-aman etmək istəyən hər bir şəxs fövqəl qüvvələr qarşısında rəqslə müntəzir olmuşdur. Hər bir ovçu, əkinçi, kahin həm də öz peşəsinin mərasim rəqslərini ifa edə bilmişdir. Təbiət hadisələrinə-yağış, ildırım, külək və s. canlı varlıqlar kimi baxan, ağaclara, heyvanlara, göy cisimlərinə müqəddəs məxluqlar kimi sitayiş edən qədim əcdadlarımız onlara musiqi parçaları, oyun səhnələri həsr etmiş, ayin rəqslərində öz münasibətlərini, duyğularını ifadə etmişlər. Mərasim rəqsləri adlanan bu sənət nümunələri dövrümüzə qədər gəlib çatmışdır.

E.ə. V minillikdən Azərbaycanda təşəkkül tapmış atəşpərəstlik inancı ilə əlaqədar ifa edilən kahin rəqsləri müasir dövrdə peşəkar rəqs ansambllarının proqramında belə özünə yer tapmışdır. İnsanın əməli, sözü və fikirləri təmiz olmalıdır məramı ilə yaşayan atəşpərəst kahinlər sitayiş etdikləri odun təmizliyini nəfəslərindn belə qorumaq üçün ağız-burunlarına ağ cunadan rübənd çəkər, saç-birçəklərini başlıqları altında gizlədərdilər. Onlar oda, atəşə həsr etdikləri mərasim rəqslərində də geyimlərinin bu üslubuna sadiq qalardılar. Dübəndi qayalığından Pirallahı zolağının görünüşü. Sal qayanın qarşısında "Qobustan" rəqs ansamblının bədii rəhbəri Afaq hüseynova atəşpərəstlərin ayin rəqsinin solosunu ifa edir. Ağ kələğayılara bürünmüş yalın ayaqları və əlləri xına ilə rənglənmiş rəqqasələrin rəqsi gah Yanardağda, gah da Suraxanı atəşgahı fonunda davam edir. Rəqsin kompozisiya quruluşu Qız qalasının təpəsindəki meydançanın traektoriyasını təkrar edir. Yenə Dübəndi qayasından Pirallahı görünür. Dünyanın ən qədim atəşpərəstlik məbədinin yerləşdiyi Pirallahı qəsəbəsində vaxtilə od dəniz suyunun üzərində yanırdı. Xəzərin suyu artıb azaldıqca bu atəşgahın suya nisbət mövqeyi də dəyişirdi. Suraxanı, Şubanı /Nardaran/ və digər atəşgahlarda olduğu kimi Pirallahı məbədinin də oduna qulluq edən kahin muğları var idi. Onlar odla bağlı bütün mərasimlərə, o cümlədən rəqs mərasimlərinin qaydası ilə keçirilməsinə nəzarət edirdilər. Afaq Hüseynovanın rəqs qrupunun çıxışı gecə vaxtı başqa mühitdə gstərilir. Hər biri üç dayaq üzərində qaldırılmış 9 sacda neftlə qarışdırılmış kül yanır. Axı 9 rəqəmi müqaddəs sayılırdı. Çünki cəmi 9 rəqəm var və bütün qalanları sıfır əlavə edilməklə onlardan törənir. Ortalıqda alma, heyva, nar, qənd teli və digər təamlarla bəzədilmiş şax torpağa sancılıb. Şaxın kəlləsinə diri qırqovul beçəsi, yaxud al-əlvanları xoruz bağlanıb. Qızlar rəqs etdikcə xoruz hərdən qanadlarını silkələyib banlayır. Ətrafda dövrə vurub yerdən oturmuş tamaşaçıların üzündə gülüş, sevinc gəzir. Xoruz atəş ilahisinin yer üzündə zühuru kimi qəbul edildiyindən onun banlaması mərasimi bəyənməsi kimi düşünülür. Sacdakı alovların qırmızı işığında rəqs edənlərin üzü sirli ifadə alır.

Bütün dövrlərdə ayin rəqsləri insanların ilahi qüvvəyə, transsendental aləmə qovuşması üçün yol, fənd olmuşdur. Orta əsrlərdə sufi təriqətlərinin zikr üsulu olan mərasim rəqsləri də dövrümüzə qədər gəlib çatmışdır. Səfəviyyə təkyəsinin Qadiriyyə qolunun Bakıda fəaliyyətdə olan davamçıları bu hal rəqslərini indi də ifa edirlər. Hətta qədimlərdə belə dərvişlərin hal rəqslərini qadınlar arasında ifa edənlər də olub. IX əsrdə cufi məktəblərindən birinin əsasını qoyan da ərəb rəqqasəsi Rəbiyyə əl-Ədəviyyə olmuşdur. XI əsrin sonu XII əsrin əvvəllərində bütün Şərqdə dahi şairə kimi tanınmış Məhsəti Gəncəvi də sufi rəqslərinin ifaçısı kimi məşhur idi. Müasir dövrdə onu saray rəqqasəsi kimi qələmə verənlərə gəldikdə isə nadan adamların nğılından başqa ad vermək olmaz. Məhsəti Gəncəvinin rübailərində də sufi dünyagörüşü aydın sezilir.

Könülsüz xərabət içrə sən gəlmə,
Dərvişlik rəmzini bilməsən, gəlmə!
Başından keçənin yoludur bu yol,
Bu yolda can qurban verməsən, gəlmə!

Qeyd etmək lazımdır ki, azərbaycan ədəbiyyatında rəqs sözünə ilk dəfə XII əsrin dahi şairi Nizami Gəncəvinin əsərlərində rast gəlinir. Mərəzədəki Diri Baba türbəsinin qarşısında "Dəli yığıncağı" pantomima teatrının kollektivi "Uçuş" tamaşasından dərviş-sufi rəqslərini ifa edir. Onların əynində kəndirdən tikilmiş libaslar var. Sufi şairi Şeyx Əttarın şerləri əsasında qurulmuş bu tamaşanın rəqsləri klassik sufi hal rəqsləri əsasında qurulmuşdur. XIÜ əsr Diri Baba türbəsinin yerləşdiyi dağın döşündəki qartal şəkilli qayanın təsviri ilə göydə süzən qartal və "Dəli yığıncağı" kollektivinin rəqsi növbələşir. Bu rəqslərin davamını Sofi həmid məqbərəsi və Ağ Dəvənin yanında da davam etdirmək olar. Belə olduqda Sofi həmid kompleksi haqqında ayrıca məlumatı da əlavə etmək lazımdır. "Dəli yığıncağı"nın rəqsi zamanı seyşel kokoslarından hazırlanmış dərviş kəşküllərini və təkiyə əhli təsvir olunmuş xalçaları da göstərmək lazımdır. Nəhayət orta əsr azərbaycan miniatürlərində dərviş rəqslərini təsvir edən səhifələr diqqətlə araşdırılır. Sufi rəqslərini oynayan dərvişlər adətən saat əqrəbinin əksinə fırlanmaqla başlayıb, bir növ göy cisimlərinin hərəkətini təqlid edirlər. Hal-hazırda Kəbə daşının ətrafında sonsuz olaraq zəvvarların dolanmasının-təvafa mərasiminin əsasında da həmin ayin rəqslərinin fəlsəfəsi əsası durur.

Azərbaycan rəqslərini başqa xalqların rəqslərindən fərqləndirən mühüm cəhətlərdən biri istər kişi, istərsə də qadın olsun məğrur hərəkətlər, qırğı kimi qürurlu qamət və çoxlu solo partiyalarının olmasıdır. Həddən ziyadə əzilib-büzülmə, tamaşaçıya xoş gəlmək, cəhdi yad təsirlərin məhsuludur. Tarixin kəşmekeşli dövrlərində əsir aparılmış, saraylara, hərəmxanalara düşmüş qadın və kişilərin rəqsi şahları, xanları əyləndirmək məqsədi güddüyündən rəqslərdə belə bayağı elementlər peyda olmuşdur. Qacar məktəbinə xas olan boyakarlıq əsərlərində rəqqasələrin təsviri. Rəqs edənlər xüsusi ilə də saray rəqqasları həmişə daş-qaşlarla bəzədilmiş zəngin geyimdə olardılar. Keçən əsrin əvvəllərində peşəkar rəqs ansamblları yaradılarkən rəqs quruluşçularının çoxusu digər millətlərin nümayəndələri olduğundan hardan gəldi rəqs elementləri götürüb el rəqslərini zibilləmişlər. Rus rəssamı Qaqarin XIX əsrdə Şamaxı rəqqasələrinin portretlərini dəfən-dəfən işləmişdi. Xüsusilə Nisə adlı rəqqasənin portreti onun bir çox əsərlərində təkrar olunur. "Şamaxı gözəlinin rəqsi"ndə rəssam Nisənin rəqsini xüsusi ilhamla vəsf etmişdir.

Əlbəttə adi el rəqsləri zadəgan məclislərində oynanılan rəqslərdən fərqlənirdi. Rəssam Ə.Əzimzadənin "Varlı evində toy" və "Kasıb evində toy" əsərlərini müqayisə etsək, bunu aydın görərik. Lakin kasıb toylarının səmimiyyətinin, sevincinin yerini yəqin heç nə əvəz edə bilməz. Bir sözlə Azərbaycan rəqslərinin ümdə cəhəti odur ki, rəqs edən sanki özü üçün oynayır, tamaşaçılara bəyəndirmək üçün yox. Onun özündən xoşu gəlir. Etdiyi hərəkətlərin hamısını özü bəyənir. Hər bir azərbaycanlının həyatında ən vacib gün toy günü hesab edilir. Hətta yoxsul oğlan da o gün bəy adlanır və ona bəyə layiq hörmət, izzət göstərilir. Və toy mərasimi azərbaycanlılarda çoxlu mərasim rəqsləri ilə müşaiyət olunur. "Gəlin atlandı", "Tərəkəmə", "Uzundərə", "Vağzalı" və s. Xüsusi ilə "Gəlin atlandı" el toylarında xüsusi vəchlə ifa olunur. Axı qədimlərdə gəlini bəy evinə şəhərdə faytonla, kənddə isə atla kəcavədə aparardılar. Odur ki, gəlini ata evindən apararkən "Gəlin atlandı" havası çalardılar. Lakin toya qədər hələ qızı yola gətirmək lazım idi. Odur ki, el şənliklərində oğlan istədiyi qızla yarışa girərdi. At çapmaq da bu yarış mərasimlərindən biri idi. Şamaxı rəsədxanasından Baba dağa tərəf-Buz bulaq yolunda duman dərəni tutur. Bu fonda yolda iki atlı ötüşür. Atlı oğlan örpəyi buludları xatırladan qızı hey atdan salmağa çalışır. Lakin bacarmır, qız onu ötür. Belə olduqda oğlan qıza çatıb, onun atına sıçrayır. Yüyəni əlindən alıb, qızla bərabər atı qaçırır. Daha toyun tədarükü görülə bilərdi. Səttərxan adına klubun rəqs kollektivi həmin dərəyə duman çökən yerdə günəş qürubunda toy mərasimi rəqslərini ifa edir. Rəqqasələrin ağ örpəkləri dərəni tutan buludlarla həmahəngdir. Təgcə gəlinin örpəyi artıq qırmızıdır.

Onu da deyək ki, qadın rəqslərində ayaqların hərəkəti o qədər də müxtəlif deyil. Onların məişətində olduğu kimi rəqslərində də əlləri çox hərəkət edir və dəyirmivari traektoriyalar cızır. Daim hərəkətin sonu onun başlanğıcına qayıtmaqla müşaiyət olunur. Dünyanın nəbzi kimi hər şey mənbədən mənsəbə, mənsəbdən mənbəyə dönümlərlə dəyanət tapır. Toy mərasimini xına yaxma, baş bəzəmə, bel bağlama, qapı kəsdi və s. ənənələri ilə də zənginləşdirmək olar. Fikri-zikri allahı, ailəsi, el-obası dairəsində dolanaraq yaşayan azərbaycanlıların yüzlərlə rəqs növü var. Lakin elə rəqs növü də var ki, onun özünün 100-ə qədər çeşidləri var. Bu olduqca qədim tarixə malik "Yallı" rəqsidir. Onun təsviri 10-15 min illik tarixi olan qədim insan məskəni Qobustan qayalarında öz əksini tapmışdır. Qavaldaş da çalınan "Yallı" ritmi və qaya rəsmlərinin görünüşü.

Şərur rayon "Yallı" rəqs qrupu hazırda yallının 73 növünü ifa edir. "Yallı" rəqs qrupunun kollektivi Əshabül-Kəhf ziyarətinin fonunda rəqs edir. Onları Tulum zurnanın səsi müşaiyət edir. Tulum zurna çəpiş dərisindən hazırlanır. İçərisinə hava doldurulur. Zunaçı həmin tulumu qoltuğu altında saxlayıb çaldıqca sıxıb-açır və musiqini tənzimləyir. Rəqsin zəngin olması üçün "Yallı"nın "Tello", "Qənimo", "Gopu", "Dönə", "Ürfani", "Qaz-Qazı" və s. növlərindən istifadə olunur. Rəqs getdikcə Əshabül-Kəhf ziyarətinin mənzərələri ilə növbələşir. Ələkbər Rzaquluyevin "Yallı" rəqsinin təsviri göstərilir. Ov və döyüş mərasim rəqsləri kimi meydana gəlmiş bu rəqs kütləvi el rəqsləri olub 80-100 nəfərdən ibarət dəstə ilə ifa edilir. Azərbaycanda rəqs sənəti muğam musiqisi qədər zəngin və təkrarolunmazdır. Onun mərasim rəqsləri də müxtəlif çeşidlidir. Filmə mərasim rəqsi kimi "Koskosa" və "Səməni" rəqslərini də daxil etmək olar.


SARA NƏZİROVA /sənədli televiziya filminin ssenarisi/
When ?
When ?
Kiçik Çavuş
Kiçik Çavuş

Məkan : Azərbaycan

Əvvələ qayıt Aşağa gitmek

Milli Rəqslərimiz - Yallı ... Empty Geri: Milli Rəqslərimiz - Yallı ...

Yeni mövzu tarafından Le Taon C.a. 24 Dek. 2009 - 8:59

Milli Rəqslərimiz - Yallı ... 7b3646a3238d
"Yallı" Azərbaycanda mən deyərdim ki, ən birinci yaranan musiqi olmuşdur. Elə When-in dediyi kimi Qobustan qayalarındakı yallı oynayanların təsviri də bunun qədim eyni zamanda dəyərli olduğu açıq-aşkar bilinir.
Le Taon
Le Taon
Ali Baş Komandan
Ali Baş Komandan

Məkan : Sumqayıt

https://milletci.azerbaijaniforum.com

Əvvələ qayıt Aşağa gitmek

Milli Rəqslərimiz - Yallı ... Empty Geri: Milli Rəqslərimiz - Yallı ...

Yeni mövzu tarafından When ? C. 1 Yan. 2010 - 18:22

Şərur yallısı - Naxçıvanın tacı



Xalqımızın mənlik və qəhrəmanlıq dastanı olan "Kitabi-Dədə Qorqud"da adı "Şəruk" kimi xatırlanan bu diyar təkcə iqtisadi qüdrəti, təbii imkanları ilə öyünmür. O, həm də qədim və şərəfli tarixə malikdir. Rayon ərazisi bəşər sivilizasiyasının ilkin yaşayış məskənlərindən biri sayılır. Tənənəm kəndi yaxınlığındakı Qazma mağarasında altmış-yetmiş min il bundan əvvəl daş dövrünün insanları yaşayıblar. Aparılan arxeoloji qazıntılar nəticəsində daş dövrünün mədəniyyəti üçün səciyyəvi sayılan obsidandan hazırlanmış itiuclular, qaşovlar və sair əldə olunub. Xələc, Ərəbyengicə, Maxta, Ovçular təpəsi, Şortəpə yaşayış məskənləri isə eramızdan əvvəl V-II minilliklərə aid olub. Bu yerlərdə neolit dövrünə aid maddi mədəniyyət nümunələri aşkar edilib. Oğlanqala ilkin şəhər mədəniyyətindən soraq verir. O, qüdrətli qala şəhərlərdən olub.



Şərurun qədim tarixə və mədəniyyətə malik olmasını təkcə onun daş abidələri, arxeoloji maddi-mədəniyyət nümunələri təsdiqləmir. Şərur həm də mədəniyyətimizin incisi və ən qədim növü sayılan yallıları ilə öyünür. Əsrlərin süzgəcindən keçərək bu günümüzədək gəlib çatan bu rəqslər onun nə qədər mənəvi zənginliyə malik olduğunu da ortaya çıxarır. Bu mənada yallını Şərurun qədim rəmzi adlandıranlar da yanılmırlar.
Tədqiqatçıların fikrincə, yallı 8-10 min il bundan əvvəl yaranıb. Heç şübhəsiz ki, onun yaranma tarixi əlifbanın, yazılı mədəniyyətin əmələ gəlməsindən əvvəlki dövrlərə təsadüf edib. İlkin yallılar oda, atəşə pərəstiş dövründə formalaşaraq od-ocaq ətrafında toplanan mərasimlərdən ibarət olub.
Azərbaycanın tanınmış mədəniyyət xadimi, rəqslərimizin mahir ifaçı və tədqiqatçısı, xalq artisti Əminə Dilbazi: "Söz demədən o xalqımıza məxsus bütün xüsusiyyətləri, onun kimliyini, tarixini, mədəniyyətini bütün millətlərə aşılaya bilir". O, bu mənada Şərur yallılarını birinci sırada görür.

Alimlərin fikrincə, oğuz ellərinin həyat tərzi, məişəti, dünyabaxışı "Dədə Qorqud" dastanlarında sözlə-fikirlə, yallılarda isə rəqslə, ritmik hərəkətlərlə ifadə olunub. Hər bir yallı növü də xüsusi məna və məzmun daşıyıb. Xalqımızın yaşam tərzini, adət-ənənəsini, mübarizliyini, qorxmazlığını, həmişə haqqa-ədalətə və sülhə can atmasını özündə yaşadıb. Elə götürək yallının ən qədim növlərindən biri olan "Qaladan-qalaya" rəqsini. Şərur yallılarının mahir ifaçılarından biri olan əməkdar incəsənət xadimi Vasif Çörəkçinin dediyinə görə, bu yallıda insanların döyüş əhval-ruhiyyəsini, cəsarətini və mübarizliyini əks etdirən maraqlı səhnələr var. Musiqi sədalarına uyğun olaraq ifaçılar rəqsə ağır templə başlayırlar, sanki "döyüş meydanında düşmənlə üz-üzə gəliblər". Rəqsin sonrakı hissəsində isə hərəkət müəyyən qədər sürətlənir, "Cəngi"nin sədaları döyüş məqamının çatdığını bildirir. Tərəflər üz-üzə dayanırlar. Dəstə başçıları öz güclərini göstərirlər. Oyunun digər hissəsində isə yenə də qılınca əl atılır. Məğlub tərəf qalib gəlmək əzmini göstərir. Qan töküləcəyini, düşmənçilik yarana biləcəyini görən ağbirçək ana meydana gələrək yaylığı ilə döyüşçünün qarşısını alır. "Uzundərə" havasında dəstələr sülh və barış arzusunda olduqlarını öz ifa tərzləri ilə də göstərirlər. Bu rəqs həm də qədimdən xalqımızın nə qədər sülhsevər olduğunu bir daha göstərir.

Şərur toylarını bu gün də yallısız təsəvvür etmək çətindir. Hətta elə kəndlər var ki, onun sakinləri arasında yallı getməyi bacarmayanlar barmaqla sayılası qədərdir. Bayram tədbirlərini, xalq şənliklərini, konsert proqramlarını da yallısız təsəvvürə gətirmək çətindir. Yallı həm də bu yerlərin musiqi rəmzinə çevrilib. Yallıda əl-ələ tutub coşqunluqla ünsiyyətdə olan insanlar öz ritmik hərəkətləri ilə ətrafdakılara da olduqca xoş təsir bağışlayırlar.

Böyük sənət adamları Şərur torpağını həm də yallıların beşiyi adlandırıblar.

Xoreoqrafiya məzmununa görə yallı iki növə ayrılır: süjet və rəqs tipli oyunlar. Süjetli oyunlar müəyyən hadisəni təsvir etdiyinə görə teatrlaşmış xalq oyunlarına bənzəyir. Bu rəqslərdə zarafat, gülüş üstünlük təşkil etsə də, digər yallılarda ifa və yeriş elementləri diqqəti çəkir. "Tənzərə", "El yallısı", "Gopu", "Qazı-qazı", "Köçəri", "Urfanı", "Qaladan-qalaya" belə yallı nümünələrindəndir.

Nə gizlədək, milli-mənəvi sərvətlərimizin qorunması sahəsində itirdiklərimiz də çox olub. Başqa sözlə, tariximizin müəyyən bir dövrlərində incəsənətin bu sahəsinə maraq xeyli azaldığından onun bir çox nümunələri unudulub. Ötən əsrin 70-ci illərindən isə milli folklor rəqslərinin tədqiqi və təbliği istiqamətində də əsaslı və ardıcıl tədbirlərin həyata keçirilməsinə başlanılıb. Bu səbəbdən də unudulmaqda olan yallı növlərinin bir çoxu yenidən həyata qaytarılıb. "Hoynərə", "Dönə" kimi yallıları buna misal göstərmək olar.

Şərur yallılarının yaşadılmasında, qorunmasında və təbliğində "Şərur" xalq yallı ansamblının da böyük rolu olub. Ansamblın əsası 1924- cü ildə qoyulub. 30-cu illərin ortalarından "Staxanov kolxozçularının rəqs ansamblı" adı ilə fəaliyyət göstərib. Elə o illərdə də onun fəaliyyətində canlanma yaranıb. Məhz bu dövrdən ansambl böyük səhnəyə qədəm qoyub. Kollektivin şöhrətlənməsində və repertuarını genişləndirməsində Azərbaycanın dahi musiqiçisi və bəstəkarı Üzeyir Hacıbəylinin böyük xidmətləri olub. 1937-cı ildə SSRİ Ali Sovetinə Şərur torpağından deputat seçilən dahi sənətkar bölgədə musiqinin inkişafına qayğı və yardım göstərib. "Şərur Azərbaycan folklor mədəniyyətinin beşiyidir" söyləyən dahi musiqiçi həyat yoldaşı ilə birlikdə bir neçə dəfə ansamblın çıxışlarını dinləyib. Onun xeyir-duası ilə ansamblın 1938-ci ildə Moskva şəhərində keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündəki çıxışları tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.

Ansamblın fəaliyyətində əsl canlanma isə ötən əsrin 70-ci illərindən başlanıb. Ölkəmizdə mədəniyyətə, onun ayrılmaz qolu olan incəsənətə göstərilən qayğı və diqqətdən bu kollektivə də pay düşüb. Məhz bu dövrdən "Şərur yallısı" el-el, oba-oba gəzib dolaşıb. Kollektiv dünyanın bir çox ölkələrində keçirilən bədii özfəaliyyət festivallarında iştirak edərək diplom və mükafatlara layiq görülüb.

1970-ci ildə Bakı şəhərində keçirilən "Naxçıvan mədəniyyəti günləri"ndə muxtar respublikanı təmsil edən kollektivlər sırasında bu ansambl da olub. Kənd mədəniyyət evləri, klublar nəzdində də yallı qrupları yaradılır. Yengicə, Çərçiboğan, Şəhriyar, Püsyan, Dizə kənd mədəniyyət evlərində fəaliyyət göstərən yallı ansambllarını buna misal göstərmək olar.

1972-ci ildə ADR-də keçirilən ümümdünya folklor festivalı ansamblın üzvləri üçün daha yaddaqalan olub. Ansamblı beynəlxalq əhəmiyyətli tədbirə məşhur rəqqasə, xalq artisti Əminə Dilbazi hazırlayıb. O öz xatirələrində yazır:

"Məndən soruşdular: SSRİ-ni Almaniyada hansı folklor kollektivi təmsil edə bilər? Qərara gəldik ki, Naxçıvan yallısını aparaq. Mən bilirdim ki, bizim yallı mənbəyimiz Naxçıvanda Şərur torpağındadır... Biz ora - Almaniyaya elə bir folklor nümunəsi aparmalıydıq ki, üstündə xalqımızın möhürü olsun. Bu, Şərur yallısı idi..." Uğurlu çıxışlarına görə ansambl festivalın laureatı adını qazanır. Həmin il ansambl Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı ilə təltif olunur, kollektivə xalq yallı ansablı statusu verilir.

1977-ci ildə Moskva şəhərində keçirilən kənd əməkçilərinin birinci Ümumittifaq xalq yaradıcılığı festivalı da onlar üçün əlamətdar olur. 1980-ci ildə ansambl Macarıstanda keçirilən Azərbaycan mədəniyyəti və incəsənəti ongünlüyündə iştirak edib. 1984-cü ildə Polşanın Zelyonaya Qora şəhərində keçirilən beynəlxalq folklor festivalının laureatı da bu kollektiv olub. Kollektivin uğurlu çıxışı mərkəzi televiziya ilə geniş göstərilib. Məhz o dövrdə Ümümittifaq televiziyası ilə "Şərur yallısı" sənədli filmi çəkilib.

Onu da qeyd edək ki, kollektivin uğurlarında Azərbaycanın tanınmış musiqiçisi və rəqs ustalarından olan Əminə Dilbazi, Əlibala Abdullayev, Xumar Zülfüqarova, Qəmər Almaszadə, Kamil Dadaşov, Roza Cəlilova kimi sənət adamlarının da böyük zəhmət və xidmətləri olub.

Müstəqillik dövründə isə ansamblın fəaliyyətində canlanma 90-cı illərin ikinci yarısından başlanıb. Muxtar respublikada böyük ürəklə həyata keçirilən yeni həyat quruculuğu xətti mədəniyyət sahələrini də öz ağuşuna alıb. Tarixi memarlıq abidələrinin bərpasına başlanılıb, incəsənət kollektivlərinin fəaliyyəti gücləndirilib. Bu qayğının sayəsində də "Şərur" yallısı 1997-ci ildə Türkiyənin İskəndərun şəhərində folklor bayramında uğurla çıxış edib. 1998-ci ildə Bayburt şəhərində keçirilən "Dədə Qorqud" festivalında da onlar yüksək mükafata layiq görülüblər. 2001-ci ildə Misirin paytaxtı Qahirədə keçirilən on ikinci beynəlxalq folklor festivalı da onlar üçün yaddaqalan olub.

Ansamblın bədii rəhbəri, Şərur yallılarının mahir ifaçısı, Azərbaycanın əməkdar mədəniyyət işçisi Səttar Əhmədovun dediklərindən: Avropanın, Asiyanın və Afrikanın bir çox ölkələrini gəzmişik. Həmişə bizim yallılara böyük maraq görmüşük. Elə bir səfər olmayıb ki, hansısa festivaldan, yarışmadan əliboş qayıdaq. Misirdə keçirilən folklor festivalında da Şərur yallısı bütün salonu məftun etdi. 40-dan çox ölkənin folklor rəqs ansamblının dəvət olunduğu həmin tədbirdə "Qızıl Açar"a layiq görüldük".

Kollektivin üzvləri 2002-ci ilin iyun ayında İstanbulun iri bölgələrindən biri olan Pendikdə keçirilən mədəniyyət və incəsənət bayramında da öz ustalıqlarını bir daha təkrarlayıblar. Onlar bu ilin iyul ayının əvvəllərində Ərdahan vilayətində "Atatürkün izində, kölgəsində Damal şənlikləri" festivalında da müvəffəqiyyətlə iştirak ediblər. Bunlarla bərabər muxtar respublika və rayon miqyasında keçirilən xalq şənliklərində, bayram tədbirlərində də kollektiv öz gücünü göstərib. 2005-ci ildə isə "Şərur yallısı" sənədli filmi ekranlarda yayımlanıb. Filmin quruluşçu rejissoru Beynəlxalq kino festivalının mükafatçısı Tahir Əliyevdir. Filmdə rəqs canlı, ritorik, emosional təsir bağışlayırsa, musiqidə şüur əlvanlığı, insan mənəviyyatının gözəlliyi ön plana çəkilir. Bu səbəbdəndir ki, hər dəfə film tamaşaçılar tərəfindən rəğbətlə qarşılanır. Hər bir sakin də bu mədəniyyətə sahib, yiyə olması ilə qürurlanır.

Ansamblın bədii rəhbəri S.Əhmədovun sözlərinə görə, xalq əmanətini yaşatmaq məqsədi ilə kollektiv yaradıcılıq axtarışlarını bu gün də davam etdirir: "Kəndbəkənd, oba-aba gəzir, qədim rəqslərimizi, yallılarımızı toplayır, öyrənir, repertuarımızı daha da zənginləşdiririk. Ömürlərinin ahıl çağını yaşayan insanlarda xeyli bilgilər var. Onların köməyi ilə unudulmaqda olan 4-5 yallı bərpa edilib. Hazırda isə repertuarımızda ifa tərzi ilə bir-birindən fərqlənən 40-dan çox yallı və rəqs vardır.

Ansamblın 50-yə yaxın üzvü var. Onların bir çoxu istedad və qabiliyyətləri ilə ölkə miqyasında yaxşı tanınıblar. Azərbaycan milli musiqi mədəniyyətinin, folklorun inkişafında göstərdiyi xidmətlərə görə ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ansamblın bədii rəhbəri Səttar Əhmədovla yanaşı, müğənni Kimya Babayevaya və tütəkçalan Kamal Babayevə də əməkdar mədəniyyət işçisi fəxri adı verilib. Bu mükafatlar kollektiv üzvlərini daha da ruhlandırıb.

Yallının beşiyi sayılan Şərurda indi 3 yallı ansamblı fəaliyyət göstərir. Maraqlıdır ki, bu ansamblların üzvləri yaş fərqinə görə seçilib: "Şərur qönçələri" uşaq yallısı, gənclərə və orta nəslə mənsub olan "Şərur" xalq yallı ansamblı və yaşlılardan ibarət "Nurani" yallısı. Başlıca məqsəd də qədim folklor rəqslərini yaşatmaqdır. Rayonda tanınmış digər bir yallı kollektivi isə "Nurani" xalq yallı ansamblıdır. Kənd mədəniyyət evinin nəzdində fəaliyyət göstərən bu ansambl öz ətrafında 60-70 yaşında ifaçıları toplayıb. Onları bir yerə çəkən qüvvə el sənətimizə olan sonsuz hörmət və ehtiramdır. İfaçılar unudulmaqda olan yallılarımızın həyata qaytarılmasında köməklərini əsirgəmirlər. Onların arasında təcrübəli ifaçılar da var. Onlardan biri 81 yaşlı Bahəddin Əsgərovdur. O, əllinci illərdə Şərur yallılarının təbliği ilə məşğul olub. Son illərə qədər mədəniyyət sahəsində çalışıb. "Hoynərə", "Dönə" kimi yallılar da bu cür xeyirxah insanların səyi nəticəsində yenidən sənətə qaytarılıb.






Məmməd MƏMMƏDOV

Azərbaycan.- 2009.- 8 noyabr.- S. 10.
When ?
When ?
Kiçik Çavuş
Kiçik Çavuş

Məkan : Azərbaycan

Əvvələ qayıt Aşağa gitmek

Milli Rəqslərimiz - Yallı ... Empty Geri: Milli Rəqslərimiz - Yallı ...

Yeni mövzu tarafından When ? C. 1 Yan. 2010 - 18:25

When ?
When ?
Kiçik Çavuş
Kiçik Çavuş

Məkan : Azərbaycan

Əvvələ qayıt Aşağa gitmek

Milli Rəqslərimiz - Yallı ... Empty Geri: Milli Rəqslərimiz - Yallı ...

Yeni mövzu tarafından When ? C. 1 Yan. 2010 - 18:27

When ?
When ?
Kiçik Çavuş
Kiçik Çavuş

Məkan : Azərbaycan

Əvvələ qayıt Aşağa gitmek

Milli Rəqslərimiz - Yallı ... Empty Geri: Milli Rəqslərimiz - Yallı ...

Yeni mövzu tarafından Le Taon Ş. 2 Yan. 2010 - 10:10

Çox gözəl görüntülərdir. TƏşəkkürlər yerləşdirdiyin üçün...
Le Taon
Le Taon
Ali Baş Komandan
Ali Baş Komandan

Məkan : Sumqayıt

https://milletci.azerbaijaniforum.com

Əvvələ qayıt Aşağa gitmek

Milli Rəqslərimiz - Yallı ... Empty Geri: Milli Rəqslərimiz - Yallı ...

Yeni mövzu tarafından Sponsored content


Sponsored content


Əvvələ qayıt Aşağa gitmek

Əvvələ qayıt

- Similar topics

 
Bu forumun müsaadesi var:
Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.